Home | About Project | NBG | Glossary | Legislation | Contacts

State Budget


Oil Fund (SOFAZ)



Survey

How much do you think the annual price of a barrel of crude oil on commodity exchanges in 2015 will average?
Below $30
Between $30-$35
Between $35-$40
Between $40-$45
Between $45-$50
Between $50-$60
Between $60-$70
Above $70


Visitors

ILK-10 Azeri Website Directory


Xarici borc sindromu


Qlobal iqtisadi böhranlar ölkələri iqtisadi kataklizmlərə “qonaq” etdi. Hansı ölkələrin ki, daxili müvazinətləri bu xarici “şoku” strelizasiya etmək və preventiv (antiböhranlı situasiyanı önləyən idarəetmə səriştəsi)  tədbirləri həyata keçirmək gücündə oldusa, həmin ölkələr bu sınaqlardan çıxa bildilər. Hansı ölkələrin ki, iqtisadi dayanıqlıqları zəif və maliyyə resursları məhdud idi, həmin ölkələr böyük xarici borclanmanın miqyasını daha da artırdılar. Düzdür, Azərbaycanın bu böhran zamanı digər ölkələrlə müqayisədə çox da böyük itkiləri olmadı, amma bu Azərbaycanın təkmil iqtisadi siyasəti ilə bağlı deyildi. Fikrimcə, bu daha çox Azərbaycan iqtisadiyyatının (qiymətli kağızlar bazarı, bank faizləri, investisiya portfelləri və s.) dünya iqtisadi sisteminə tam inteqrasiya olunmaması ilə bağlı idi.

Hazırda dünyada xarici borc məsələsi hətta inkişaf etmiş ölkələri, o cümlədən ABŞ kimi nəhəng iqtisadiyyatları da silkələyir. O baxımdan, bunu sadəcə iqtisadi problem deyil, iqtisadiyyatların pataloji simptomlarının məcmusu kimi çıxış edir. Əslində, borca düşməni də müxtəlif qruplar üzrə təsnifləndirilməsi sərhədlərin tanınması baxımından daha doğru yanaşmadır. Çünki xarici borc sadəcə bir iqtisadi nəticə deyildir. Onu şərtləndirən faktorlar və dərəcələr (ağırlıq, yüngüllük və s.) var. Məsələn, ölkələrin iqtisadiyyatı Dünya Bankının standart  təyinatları olan kəskin və mülayim borca düşmə vəziyyətinə görə təsnifləndirilir. Kəskin borca düşmə o zaman baş verir ki, onun 2 əsas göstəricisi kritik səviyyəni aşır: xarici borca xidmət xərclərinin  Ümumi Milli Gəlirə nisbəti (220%). Mülayim borclaşma o deməkdir ki, hər iki göstərici 60%-i ötür, amma kritik həddə çatmır. Bütün digər aşağı və orta gəlir səviyyəsinə malik olan iqtisadiyyatlar aşağı borca düşmə həddində olan ölkələr kimi təsnifata salınır. (Ümumi Milli Gəlir-keçmişdə Ümumi Milli Məhsul və ya ÜMM). Əksər hallarda isə ölkələrin xarici borcların vəziyyətinin qiymətləndirilməsi üçün 3 əsas indikatordan istifadə olunur:

- Xarici borcun miqdarı ixracın 200%-dən çox olmamalı

- Xarici borcun ÜDM-ə nisbəti 40%-i aşmamalı

- Xarici borca xidmətlə əlaqədar bütün ödənişlərin ÜDM-ə nisbəti 5%-dən yüksək  olmamalı.

Ölkələrin xarici borclarının yüksəlməsi hər ölkədə bəzən özünəməxsus olur. Deyək ki, Avropa ölkələrində vəziyyət bir neçə ölkə üzrə eynidir, amma bir neçə ölkə üzrə tam fərqli. Məsələn, deyək ki, bəzi Avropa ölkələrində - İtaliya, İspaniya, Portuqaliyada vəziyyət oxşardır. Yunanıstanın dövlət borcu hazırda ÜDM-in 160, İtaliyada isə 120 həddindədir. Hətta dünya iqtisadiyyatının ən böyük güc sahibi ABŞ-da bu rəqəm ÜDM-in 100%-i səviyyəsindədir. Yəni, ABŞ-da federal hökumətin kredit borcları, təqaüdçülük borc sənədləri və digər borcların cəmi məbləği 15 trilyon 230 milyard dollara çatıb. Bu isə o deməkdir ki, hələ yaxın illərdə də ABŞ-ın xarici borcu iqtisadi artımı üstələyəcək. Bunun mütənasiblik təşkil etməsi üçün ABŞ-ın iqtisadi artımı 6% həddində olmalıdır. Hətta hesablamalar göstərir ki, 2020-ci ilə qədər borcun 26 trilyon dolları keçəcəyi mümkündür. Hazırda ABŞ-da xarici borcun təxminən ÜDM-nin həcmi(100%) qədər olması reallıqdır. Amma bunun əsas səbəbini iqtisadçılar ABŞ-da faiz dərəcələrinin aşağı olması ilə bağlayırlar. Pulun faiz qazandırmaq üçün banklar tərəfindən yaradılması və faiz dərəcələrinin artmağa meylli olması tək ABŞ iqtisadiyyatını deyil, dünya iqtisadiyyatını təsəvvür edilməz duruma sala bilər. Fikrimcə, ABŞ iqtisadiyyatındakı bu “virusun” bütün dünyanı “qripə yoluxdurması” daha böyük faciələrdən xəbər verə bilər. Məsələnin, məncə ən ağrılı və bəşəri əhəmiyyəti məhz bununla bağlı ola bilər. Dünya iqtisadiyyatının 27%-ni əhatə edən ABŞ-da və Avropada borcların bu səviyyəyə çatması bir tərəfdən beynəlxalq maliyyə qurumlarını, digər tərəfdən isə kreditlər hesabına dövlət borclarını əhəmiyyətli sürətdə böyüdən dövlətlərin fundamental probleminə çevrilib. Bu konteksdən baxanda, əslində xarici borc problemi qlobal xarakterli olmaqla dünya maliyyə sistemində yer alan ölkələrin və maliyyə oyunçularının qarşılıqlı əlaqəsini şərtləndirən həlqədir. Hətta problemin qlobal miqyas aldığını görən dünyanın maliyyə mərkəzləri(dövlətləri) 10 ildən çoxdur ki, borcların yüngülləşməsi üçün proqram hazırlamağa qərar veriblər. Həmin proqrama görə, inkişaf etməkdə olan ölkələrin borcları bağışlanılmazsa, onlar inkişafdan geri qalacaqlar. Çünki onların cari ixracatlarından əldə etdikləri gəlirlərinin əhəmiyyətli hissəsi inkişaf etmiş ölkələrdən alınmış kreditlərin ödənməsinə sərf olunur.  Belə ölkələrdə borca xidmət ixracatın 25%-nə bərabər olur, bəzilərində isə bu rəqəm hətta 50%-ə də çatır. Dünya ölkələrində borcun bu miqyasda olması üzündən nəcib, eyni zamanda mexanizmi dəqiq olmayan bir təşəbbüs irəli sürüldü. Borcların bağışlanılması üçün  “Yubiley Hərəkatı”na start verildi. Bu təşəbbüsün dünyada ictimai dəstək qazanmasına baxmayaraq, BVF-nun proqramla müəyyənləşdirdiyi standarta barmaqla sayılacaq ölkə uyğun gəlirdi deyə hələlik bu təşəbbüs ciddi uğur qazanmayıb. Cəmisi 24 ölkə bu kriteriyalarla razılaşdığı üçün hələ də o “amnistiya” baş tutmayıb.

Avropa kimi böyük siyasi və iqtisadi məkanda xarici borc probleminə ciddi önəm verilir. AB ölkələrində borcların artmasına hədd kimi hələ 1998-ci ildə Maastrikt Müqaviləsində bu faktora xüsusi diqqət edilmişdi. Belə ki, həmin kriteriyaya əsasən, dövlət borcları ÜDM-in 60%-dən artıq ola bilməz. Bu əslində borcların yüklənməsini məhdudlaşdıran kriteriya olmaqla, perspektivdə ölkələrin maliyyə asılılığını nəzərə alan amil hesab olunmalıdır. Çünki nəticədə bu həddin aşması, həm ölkələrin daxili, həmdə beynəlxalq maliyyə sisteminə neqativ təsir göstərir. Bununla bağlı  məşhur futuroloq Piter Draker “Gələcək üçün yönətim” əsərində qeyd edir: “Kimin ki, banka 100 min dollar borcu var, bu onun bankdan asılı vəziyyətə düşməsinə səbəb olur, kimin ki, banka 100 milyon borcu var, artıq bankın özünün həmin şəxsdən asılı vəziyyətə düşməyə başlaması deməkdir.” Reallıqda isə dünya miqyasında borclar həm qlobal maliyyə böhranının səbəbi kimi, həmdə onun dərinləşməsini şərtləndirən amil kimi çıxış etməkdədir.

Azərbaycanda bəs, vəziyyət necədir? Ölkəmizin belə dünyanın maliyyə “torunda” ilgəyi hardadır?

Gerçəkdən də Azərbaycanın xarici borcunun ildən-ilə artması son illərin narahatlıq doğuran məsələsinə çevrilib. Yəqin ki, illər üzrə dinamikanın irəliləməsi ondan xəbər verir ki, xarici borcumuz elə-belə yaranmayıb. Təhlil üçün illər üzrə vəziyyətlə tanış olaq.

 

İllər                Xarici Borc (XB)      ÜDMX/B-un               ÜDM-də payı

2003                          1,575                         7,7                             20
2004                          1,588                         8,5                             18,68
2005                          1,65                           12,6                           13
2006                          1,972                         19,9                           9,9
2007                          2,441                         29,3                           8,33
2008                          3,001                         46,9                           6,4
2009                          3,422                         43,02                         7,95
2010                          3,86                           41,6                           9,3

Mənbə: Cədvəl müəllif tərəfindən AR Nazirlər Kabinetinin 2010-cu il üzrə Fəaliyyəti Haqqında Hesabatından çıxan rəqəmlər əsasında hazırlanıb.

 

Fikrimcə, yuxarıda illər üzrə xarici borcların ÜDM-də xüsusi çəkisinin azalması onun faktik azalması anlamına gəlməməlidir. Əslində, bu xarici borcun məbləğ olaraq artması və hədsiz böyüməsi anlamına gəlir. Bu təkcə ölkə içində illər üzrə təhlildən çıxan nəticə deyil. Belə ki, qonşularımız olan Ermənistan və Gürcüstanla ölkəmizin xarici borcunun müqayisəsinin maraqlı nəticələri bu haqda düşünməyə imkan yaradır. Məlumat üçün bildirim ki, Ermənistan xarici borcu ötən il üçün 4,3 milyard dollar təşkil edir. Bəzi mənbələr isə bunu 5,2 milyard dollar səviyyəsində qiymətləndirir. Əsas kreditorları kimi Dünya Bankı və Rusiya çıxış edir. Gürcüstanın isə xarici borcu isə 2011-ci ilin ortasına 4,206 milyard dollar səviyyəsində olub. Azərbaycanın isə 2011-ci ilin əvvəllərinin statistikasına görə, xarici borcu 4 512,6 milyon ABŞ dolları olmuşdur. 2012-ci ildə büdcədən maliyyələşəcək investisiya layihələrini də (1,47 milyard manat)  əlavə etsək, borcun həcminin artmasını görərik. Hesablamalarımıza(MBQ) görə, ilin sonuna xarici borcumuzun səviyyəsi 6,5 milyard ABŞ dolları olacaq. Bu isə xarici borcun ÜDM-də xüsusi çəkisinin 12% olduğunu ortaya çıxarır. Heç bir təbii resursu olmayan Ermənistan və Gürcüstanın xarici borcu resurs üstünlüyü olan Azərbaycanın xarici borcundan xeyli azdır. Bu isə o deməkdir ki, gələn il dünyaya gələcək hər bir körpəmiz xarici ölkəyə 720 dollar borcla doğulacaq. Amma hökumət bu günə faktik borcunun 632 dollar olduğunu bildirir. Amma ilin sonuna onsuzda alınacaq borcu hesablamayıb,bilməz olur ki, ilin sonuna hər bir vətəndaşımızın borcu məhz adambaşına 720 dollar edəcək.

Əslində, mən bu təhlil yazımda standart olaraq xarici borcun ÜDM-yə nisbətini deyil, xarici borcun qeyri-neft ÜDM-də nisbətinə xüsusi diqqət yetirməyi zəruri hesab edirəm. Çünki neft sektorundan daxilolmalar bizim idarəetmə siyasətimizin nəticəsi deyil, bunu daha çox Tanrının bizə verdiyi və iradəmizdən kənar faktor adlandırmağın tərəfdarıyam.Yəni,kimliyindən asılı olmayaraq həmin neft çıxarılaraq satılmalıdır.O baxımdan neft sektorundakı hasilat hesabına ÜDM-in böyüməsi ölkə iqtisadiyyatının istehsalçı yönümünün genişlənməsi və qeyri-neft sektorundakı dinamizmin göstəricisi deyil. Qeyri-neft ÜDM-də xarici borcun qiymətləndirilməsi standart baxımından qənaətbəxş qəbul olunmasa da, nəzəri və perspektiv situasiyanı qiymətləndirmək baxımından vacibdir.  Bunu “SOS” mesajı da adlandırmaq olar. Bu il ölkəmizdə 43,5 milyard manatlıq ÜDM istehsal olunacaq ki, bunun da 47%-i, və ya 21,5 milyard manatı qeyri-neft sektorunda formalaşacaq.  Xarici borcumuzun isə 6,5 milyard olacağı təqdirdə, bu qeyri-neft ÜDM-də xarici borcumuzun xüsusi çəkisinin 30% olması ortaya çıxmış olar. Əslində bir neçə ildən sonra xarici borcun artması və ÜDM-də neftin dominant rolu azaldıqca xarici borcun dərinliyi daha çox özünü büruzə verməyə başlayacaq. Bu trendin ciddi əyintilərinin şahidi olmamaq üçün  düşünürəm ki, bizim hökumət sürətli(bahalı) xarici borc kursundan imtina etməlidir. Azərbaycanda xarici borc problemi ona görə, cəmiyyəti daha çox narahat etmir və ictimai diqqəti daha çox cəlb etmir ki, hələ indi ən yaxşı halda il ərzində büdcədən 200-300 milyon dollar kreditləri qaytarmaqla işimizi bitmiş hesab edirik. Təkcə 2012-ci ildə xarici borcların qaytarılmasına 235,9 milyon manat vəsait ayrılacaqdır. Bunun 121,1 milyon manatı faiz ödənişlərinə, 114,8 milyon manat isə əsas borc vəsaitinin özünün ödənişinin payına düşür. Bu zaman isə birbaşa vətəndaşın cibindən heç nə getmir. Amma bir neçə beş illikliklərdən sonra belə narahatçılıqlar daha dərin izlər buraxacaq və ictimai diskomfort artacaq.Çünki, ölkəmizin aldığı kreditlər əsasən 10-15 ildən sonra qaytarmağa başlanılacaq. Necə deyərlər,onda məşhur bir lətifədə deyildiyi kimi bu “skripkanın” səsi sonra çıxacaq. Məlum olduğu kimi, cəmi xarici borclar təkcə dövlətin özünün borcları deyil, dövlət zəmanəti ilə alınan borcları da əhatə edir. Ölkələrin borc öhdəliklərinin təhlükəli həddə çatmasını təhlil edərkən, o qənaətə gəlirik ki, əksər hallarda vergilər və digər ödənişlər vasitəsilə toplanmış iqtisadi ehtiyatların azlığı dövləti borc almağa məcbur edir. Daxili bazarda borcalmalar milli əmanətləri və investisiyalarıa azaldır, faiz stavkalarını artırır, kommersiya kreditini isə bahalaşdırır. Sonda isə xarici bazarda borcalmalar xarici borcu artıraraq, valyuta böhranları və dövlətlərin müflisləşməsi təhlükəsini meydana çıxarır.

Bizim hökumətin kreditdən istifadə etməsinin də başa düşülən tərəfləri var. Beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı ilə edilən əməkdaşlıq zəruri edir ki, xarici kreditlərdən istifadə edilsin. Çünki biz də NF-nun aktivlərini beynəlxalq maliyyə qurumlarının idarəetməsinə veririk və s. Amma bu kreditlərin səmərəsiz istiqamətlərə xərclənməməsi və korrupsiyanın “yeminə” çevrilməməsi üçün vəsaitlər real layihələrə sərf olunmalıdır. Amma heç bir dəyər qazandırmayan layihələrə belə kreditlərin sərfi və həmin kredit portfelinin il-ildən şişməsi ciddi narahatlıq yaradan məsələdir. Axı, biz heç bir iqtisadi gücü və təbii ehtiyatları olmayan Cənubi Qafqaz ölkələrindən çox kreditdən istifadə etməli deyilik. Statistika onu deyir ki, hazırda bu belədir. Bu isə fikrimcə, iqtisadi paradoksdur. Bunun bir neçə səbəbi var. Bunlardan əsası fiskal və monetar hesabatlılığın hətta orta səviyyədə olmamasıdır. Yəni, bütün qərarlar ictimai müzakirələrsiz və alternativ rəylərsiz qəbul olunur. Ümumiyyətlə, bir ölkəyə həm xarici investisiya axa, həm neft gəlirləri daxil ola, həm də hökumət bu azmış kimi xarici borclanmaya girə, bu sadəcə ağlasığmazdır. Görünür ki, vəsaitlər çox olduğu halda bədxərclik, olmayan vaxtında isə qənaətcillik etmək istəyi yeni dövrün yanaşması deyil. Hətta empirik tətqiqatların nəticələri göstərir ki, insanlar əziyyət çəkmədən əldə etdikləri vəsaitlərə bir qədər laqeyd (kobud desək, başısoyuq) münasibət bəsləyirlər. Maraqlıdır ki, bu neqativ effekt dövlət səviyyəsində də özünü göstərir. Eyni zamanda, bəzi tədqiqatlar onu da sübut edir ki, zəngin təbii resurslara malik ölkələr başqa dövlətlərdən və beynəlxalq maliyyə qurumlarından kredit götürməyə daha çox meylli olur. Bunu Azərbaycan nümunəsindən də görmək olar. O zaman keçid dövrünün 2 fazasındakı vaxtları müqayisə edək. Yəni 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda ölkədə xarici borcun səviyyəsi ilə neftin pik hasilat dövrünü (2011-2012) müqayisə edək. Belə ki, 1994-cü ilin məlumatına görə Azərbaycanda adambaşına dövlətin xarici borcu 8 dollar təşkil etdiyi halda, 2012-ci ildə bu rəqəm 720 ABŞ dollar olacaq. Bu isə o deməkdir ki, son 18 ildə xarici borcumuz  90 dəfə artıb.

Bu tendensiya xeyli düşündürücüdür. Çünki heç bir ölkədə faciələr bir gündə baş vermir. O hansısa neqativ “zəmin” üzərində oturdulanda, faciənin anonsu verilməlidir. Çünki sonra hər şey gec olur. Axı heç bir ölkədə 1 ilin içərisində xarici borc ÜDM-yə bərabər olmur. O, illərlə yığılan və həllini tapmayan xərcləmələri örtməyən gəlir sayəsində mümkün olur. Məsələn, ABŞ-da indi borc böhranının yaxın tarixindən də bunu aydın görmək olur. ABŞ-da ikinci dünya müharibəsi zamanı xarici borc problemi ciddi deyildi. 1981-ci ildə ölkənin borcu milli gəlirin 32,5 faizinə bərabər ikən, Ronald Reyqanın başçılıq etdiyi 12 ildə bu nisbət iki dəfə artmışdı. Son böhranla birlikdə isə ABŞ-ın milli borcu milli gəlirinə bərabər səviyyəyə çatdı. Ona görə fikirləşirəm ki, gərək bizim hökumət xarici borcun ÜDM-də belə mərhələli mövqe “qazanmasından” ciddi dərs götürsün.

 
Məhəmməd Talıblı

Baxış sayı: 811

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb