Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun ƏSASNAMƏSİ


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 31 avqust tarixli
781 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir
(4 avqust 2003-cü il tarixli 908 nömrəli;
2 dekabr 2004-cü il tarixli 148 nömrəli;
15 sentyabr 2005-ci il tarixli 294 nömrəli;
22 dekabr 2006-cı il tarixli 499 nömrəli;
5 fevral 2008-ci il tarixli 710 nömrəli
Fərmanlara əsasən əlavələr və dəyişikliklərlə)


Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (bundan sonra — Fond) Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Fond, onun Naxçıvan Muxtar Respublikasında müvafiq idarəsi, Azərbaycan Respublikasının rayon və şəhərlərində şöbələri ilə birlikdə Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortasının idarə edilməsinin vahid sistemini təşkil edir.
4. Fond öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli şəkildə həyata keçirir. 5. Fondun və onun yerli orqanlarının məcburi dövlət sosial sığorta vəsaiti Fondun vahid sistemində cəmləşdirilir.
6. Fond və onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürlərə, müvafiq ştamplara və blanklara malik olan hüquqi şəxslərdir.
7. Fond Bakı şəhərində yerləşir.

II. Fondun əsas vəzifələri

8. Fondun əsas vəzifələri aşağıdakılardır:
8.1. Dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsində iştirak etmək;
8.2. Fondun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;
8.3. Тəşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslərdən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığorta olunanlardan qanunvericiliklə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək;
8.4. Öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;
8.5. Məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsini həyata keçirmək;
8.6. Məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı xərclərin maliyyələşdirilməsini təmin etmək;
8.6.1. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək (sosial sığorta) pensiyaları;
8.6.2. könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr;
8.6.3. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) ;
8.6.4. hamiləliyə və doğuma görə müavinət;
8.6.5. uşağın anadan olmasına görə birdəfəlik müavinət;
8.6.6. qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
8.6.7. sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi;
8.6.8. məşğulluq tədbirlərinin həyata keçirilməsi;
8.6.9. əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi;
8.6.10. dəfn üçün müavinət;
8.6.11. qanunvericiliklə nəzərdə tutulmuş digər xərclər.
8.7. Dövlət büdcəsindən ayırmalar (transfer) hesabına sosial pensiyaların, aztəminatlı əhaliyə müavinətlərin və qanunvericilikdə nəzərdə tutulmuş digər müavinətlərin maliyyələşdirilməsini həyata keçirmək;
8.8. Qanunvericilik çərçivəsində özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək;
8.9. Sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;
8.10. Dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsini təşkil etmək;
8.11. İşəgötürən və sığorta olunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;
8.12. Sığorta olunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək;
8.13. Pensiya təyin edən orqana, onun sifarişinə əsasən pensiya təmin olunması barədə ərizə vermiş sığorta olunanın fərdi şəxsi hesabındakı məlumatları təqdim etmək;
8.14. Dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi ilə əlaqədar izahatlar vermək və öz səlahiyyəti daxilində bununla bağlı normativ aktlar qəbul etmək;
8.15. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

III. Fondun funksiyaları

9. Fond ona həvalə edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
9.1. Fondun növbəti il üzrə təsdiq olunmuş büdcəsinin gəlir və xərclər göstəricilərinə uyğun olaraq yerli orqanların gəlir və xərclər proqnozunu təsdiq edir;
9.2. Əhalinin sosial müdafiəsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir;
9.3. Məcburi dövlət sosial sığortasının inkişafı və təkmilləşdirilməsinə dair təkliflər verir;
9.4. Məcburi dövlət sosial sığorta vəsaitini idarə edir, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyalarının təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirir;
9.5. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçota alınması və uçotdan çıxarılması qaydalarını müəyyən edir;
9.6. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarını müəyyən edir;
9.7. Qanunvericilik çərçivəsində sığortaedənlərdə məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına, xərclənməsinə və ödənilməsinə nəzarət edir;
9.8. Sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir;
9.9. Fondun büdcəsinin icrası haqqında qanunvericiliklə müəyyən olunmuş orqanlardan aylıq, rüblük və illik hesabatlar alır, ümumiləşdirir və onları aidiyyəti orqanlara təqdim edir;
9.10. Sığorta olunana dövlət sığorta şəhadətnaməsi verir;
9.11. Müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar aparır;
9.12. Kadrların ixtisasının artırılması üzrə müvafiq tədbirlər həyata keçirir;
9.13. Qanunvericilikdə müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlər üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
9.14. Fondun yerli orqanlarında işin təşkilinə metodiki və əməli köməklik göstərir, işdəki qabaqcıl təcrübəni öyrənir və yayır;
9.15. Fondun orqanlarında kompüter məlumat sistemlərinin yaradılması üçün tədbirlər həyata keçirir;
9.16. Maliyyə vəziyyəti müvəqqəti pisləşmiş sığortaedənlərə məcburi dövlət sosial sığorta ödəmələrinin verilməsinə yardım edir;
9.17. Qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

IV. Fondun hüquqları

10. Fond öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. Bütün işəgötürənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək;
10.2. Öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta haqqlarının yığılması, habelə qanunvericilikdə nəzərdə tutulmuş sosial müdafiə məqsədlərinə çəkilən xərclərin müəyyənləşdirilməsi qaydaları barədə təlimat, metodiki göstərişlər və digər normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək;
10.3. Məcburi dövlət sosial sığortası, əmək pensiyalarına dair qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;
10.4. Əmək pensiyalarının təyin edilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək;
10.5. Sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq;
10.6. Öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək;
10.7. Qanunvericiliyə uyğun olaraq məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə sığortaedənlərə maliyyə sanksiyaları tətbiq etmək;
10.8. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedənlərin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılmasına, eləcə də yaranmış borc məbləğinin sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulmasına dair qanunvericiliyə uyğun tədbir görmək;
10.9. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmələrdə iddia qaldırmaq;
10.10. Тəşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslərdən və fərdi sahibkarlardan məcburi dövlət sosial sığortasına aid olan məlumatları və sənədləri tələb etmək;
10.11. Qanunvericiliyə müvafiq olaraq maliyyə sanksiyalarının tətbiqi nəticəsində əldə edilən vəsaitin işçilərin maddi həvəsləndirilməsinə və Fondun maddi-texniki bazasının inkişaf etdirilməsinə yönəldilən hissəsinin xərclənməsi istiqamətlərini müəyyən etmək;
10.12. Fondun yerli orqanlarından görülmüş iş barədə hesabat almaq, onların fəaliyyətini təhlil və müzakirə etmək və müvafiq qaydada aidiyyatı üzrə qərar qəbul etmək;
10.13. Fondun büdcəsi layihəsinin hazırlanması üçün aidiyyəti orqanlarından zəruri sənədləri və məlumatları almaq;
10.14. İşəgötürənlərdən və sığorta olunanlardan dövlət sosial sığorta sistemində fərdi uçot qanunvericiliyində müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;
10.15. İşəgötürənin, eləcə də fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;
10.16. İşəgötürənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərini tətbiq etmək;
10.17. Fondun büdcəsinin xərcləri hesabına maliyyələşdirilən tədbirlər üzrə aidiyyəti orqanlardan hesabatlar almaq;
10.18. Qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində icrası məcburi olan əmr və sərəncamlar vermək;
10.19. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək;

V. Fondun fəaliyyətinin təşkili
11. Fondun fəaliyyətinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təyin edilən və vəzifədən azad edilən, Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan sədr rəhbərlik edir.
12. Fondun sədrinin Azərbaycan Respublikası prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
13. Fondun sədri:
13.1. Fondun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
13.2. Fondun səlahiyyətlərinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edir;
13.3. Fondun illik büdcəsində Qanunla təsdiq olunmuş saxlanma xərcləri həddində Fondun mərkəzi aparatının və onun yerli orqanlarının xərclər smetasını və ştat cədvəllərini təsdiq edir;
13.4. Fondun mərkəzi aparatının struktur bölmələrinin və onun yerli orqanlarının əsasnamələrini təsdiq edir;
13.5. Qanunvericiliklə müəyyən olunmuş qaydada Fondun maliyyə vəsaitinə və əmlakına dair sərəncam verir;
13.6. Sədr muavinlərinin, mərkəzi aparatın struktur bölmələrinin və həmçinin Fondun vahid sisteminə daxil olan idarə və şöbələrin rəhbərlərinin məsuliyyət dairəsini müəyyənləşdirir;
13.7. Fondun mərkəzi aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
13.8. Fondun yerli orqanlarının rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz səlahiyətləri daxilində həll edir;
13.9. Qanunvericiliklə müəyyən olunmuş qaydada işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini həyata keçirir;
13.10. Dövlət və bələdiyyə orqanlarında, ictimai təşkilatlarda, məhkəmələrdə, habelə müəyyən olunmuş qaydada beynəlxalq təşkilatlarda Fondu təmsil edir. Fondun adından vəkalətnaməsiz çıxış edir və vəkalətnamələr verir;
13.11. Qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
14. Fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri hər il Fondun büdcəsində Qanunla təsdiq olunur və məcburi dövlət sosial sığortası vəsaiti hesabına maliyyələşdirilir.
15. Fondda sədrdən (kollegiyanın sədri), vəzifəyə görə onun muavinlərindən, Fondun mərkəzi aparatının və yerli orqanlarının rəhbər işçilərindən ibarət olan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Kollegiya (cəmi 7 nəfər) yaradılır.
16. Kollegiya öz iclaslarında Fondun əsas vəzifə və funksiyalarına aid məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
17. Kollegiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir və protokol formasında rəsmiləşdirilir. Səslər bərabər bölündükdə Kollegiya sədrinin səsi həlledici hesab edilir.
18. Kollegiyanın qərarları bir qayda olaraq sədrin əmrləri ilə həyata keçirilir.
19. Kollegiyanın sədri ilə kollegiya üzvləri arasında fikir ayrılığı yarandıqda, Fondun sədri öz qərarını həyata keçirir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə kollegiyadakı fikir ayrılığı barədə məlumat verir.


Baxış sayı: 585

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb