Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə


Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 dekabr tarixli 434 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir


Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 7 fevral tarixli 849 nömrəli, 2005-ci il 1 mart tarixli 202 nömrəli və 2008-ci il 10 iyul tarixli 797 nömrəli Fərmanlarına əsasən edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla

 

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (bundan sonra - Fond) neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə (və ya müvafiq Səlahiyyətli Dövlət Orqanı ilə) sərmayəçilər arasında bağlanmış Sazişlərin həyata keçirilməsindən, habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış Sazişlərin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli idarə olunması məqsədilə “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanına uyğun olaraq yaradılmışdır.
1.2. Fond Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır.
1.3. Fond büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında hesablaşma və digər hesablara, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.4. Fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.
1.5. Fond öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1.6. Azərbaycan Respublikası Prezidentinin Fərmanları və bu Əsasnamə ilə Fonda verilmiş hüquqlar və vəzifələr istisna olunmaqla:
a) Fond Azərbaycan Respublikasının Hökuməti, digər dövlət hakimiyyəti orqanları, o cümlədən nazirliklər , dövlət komitələri, dövlət təsisatları, müəssisələri və təşkilatları, maliyyə institutlarına münasibətdə və onların qarşısında, habelə Azərbaycan Respublikasının və digər ölkə və yurisdiksiyaların hər hansı sosial fondları, ictimai və digər qeyri-hökumət təşkilatlarına münasibətdə və onların qarşısında heç bir hüquqa, vəzifəyə malik deyildir və heç bir öhdəlik daşımır;
b) Fond Azərbaycan Respublikası Hökuməti, digər dövlət hakimiyyəti orqanları, dövlət müəssisələri, təsisatları və təşkilatlarının öhdəlik və ya təminatları ilə bağlı heç bir məsuliyyət daşımır.
1.7. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.8. Fond Bakı şəhərində yerləşir.

 

2. FONDUN ƏSAS VƏZİFƏLƏRİ

Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bu günkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.


 
3. FONDUN FORMALAŞMASI MƏNBƏLƏRİ

3.1.  Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:
3.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ya səlahiyyətli dövlət orqanı ilə sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və nəqlinə dair digər Sazişlərin həyata keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:
3.1.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
3.1.1.2. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar);
3.1.1.3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər;
3.1.1.4. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla);
3.1.1.5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər;
3.1.1.6. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;
3.1.2. Neft Fondu tərəfindən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən,  idarə olunmasından,  satışından və ya digər təqdim edilməsindən və yaxud satışındankənar əldə edilən gəlirlər, aktivlərinin balans valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər və  sair; 
3.1.3. qrantlar və digər təmənnasız yardımlar;
3.1.4. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.
3.2. Fondun idarə olunan vəsaiti investisiya reytinqli banklarda və aktivlərdə yerləşdirilir.
3.3. Fondun vəsaitinin uçotu və istifadə edilməsi haqqında hesabatın tərtib edilməsi və aparılması qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir.


 
4. FONDUN VƏSAİTİNİN İSTİFADƏ OLUNMASI

4.1. Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun olaraq həyata keçirilir.
4.2. Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər.
4.3. Hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri haqqında məlumat və eləcə də onun faktiki istifadəsi barədə illik hesabat mətbuatda dərc edilir.
4.4. Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə, eləcə də, Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun (öhdəliyinin, təminatının) və/ yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz.
4.5. Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq olaraq azaddır.

 

5. FONDUN İDARƏ EDİLMƏSİ

5.1. Fondun fəaliyyətinə operativ rəhbərliyi İcraçı direktor həyata keçirir.
5.2. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
5.3. Fondun icraçı direktoru:
- Fondun cari işini təşkil edir və ona rəhbərlik edir;
- Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (proqramına) dair təkliflər hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Fondun fəaliyyəti barədə illik hesabatı hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Fondun idarə edilməsi ilə bağlı (o cümlədən aparatın saxlanılması üçün) xərclər smetasının layihəsini hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən zəruri materialların hazırlanmasını təmin edir;
- Fondun aparatının işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;
- Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi auditor tərəfindən auditin keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir;
- Fondun illik fəaliyyətinin nəticələrini əks etdirən auditor rəyini mətbuatda dərc etdirir;
- Fondun fəaliyyəti ilə bağlı analitik arayışlar hazırlayır, onları Azərbaycan Respublikası Prezidentinə və Müşahidə Şurasına təqdim edir;
- Fondun aparatının işçilərinin (Fondun İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq etmək üçün Müşahidə Şurasına təqdim edir;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
5.4. Fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır.
5.5. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
5.6. Müşahidə Şurası İcraçı direktorun təqdimatına əsasən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərini (proqramını), onun illik hesabatını (ona əlavə olunmuş auditor rəyi ilə birlikdə) və balansını, habelə Fondun illik xərclər smetasının layihəsini nəzərdən keçirir və onlara rəy verir, Fondun idarə edilməsi ilə bağlı xərclər smetasında nəzərdə tutulmuş əməyin ödənişi fondu daxilində Fondun aparatının işçilərinin (Fondun İcraçı direktoru istisna olmaqla) vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq edir.
5.7. Müşahidə Şurası öz iclaslarını zərurət olduqca, lakin rübdə bir dəfədən az olmayaraq keçirir. Müşahidə Şurasının növbədənkənar iclasları İcraçı direktorun və ya Müşahidə Şurasının üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər.
5.8. Müşahidə Şurası üzvlərinin fəaliyyəti ictimai (əvəzi ödənilmədən) əsaslarla həyata keçirilir.

 

6. UÇOT VƏ HESABAT

Fond qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar aparır. Fondun illik maliyyə fəaliyyəti haqqında hesabat Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.

 

7. FOND HAQQINDA ƏSASNAMƏYƏ
DƏYİŞİKLİKLƏR EDİLMƏSİ

Fond haqqında Əsasnaməyə hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.

 

8. FONDUN YENİDƏN TƏŞKİLİ
VƏ LƏĞV EDİLMƏSİ

Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə həyata keçirilir.

 

Baxış sayı: 585

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb